BAKI, 17 oktyabr - Sputnik. Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Respublika Baş Prokurorluğunun məlumatında bildirilir.
Qeyd edilib ki, hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcək.
-------
04:07
Gəncəyə Ermənistan ərazisindən SCUD raketinin atılması nəticəsində ölənlərin sayı artıq 10-dan çoxdur. Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib. Yaralıların sayı 40-dan çoxdur.
----------
03:33
Gəncəyə Ermənistan ərazisindən SCUD raketinin atılması nəticəsində ölənlərin sayı 6-ya yüksəlib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, yaralananların sayı 35-dir. Xilasedicilər insanları dağıntılar altından çıxarmağa davam edirlər.
Oktyabrın 17-də təxminən 00:52-də Ermənistan ordusu Gəncə və Mingəçeviri raket atəşinə tutub, ilkin məlumata görə, ölənlərdən üçü uşaqdır.
ANAMA-ya görə, Ermənistanın Gəncəyə atdığı raketlər SCUD/Elbrus əməliyyat-taktik ballistik raketidir.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Oktyabrın 12-də isə yaralı şəxslərdən biri, 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.