BAKI, 16 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Rusiya və ABŞ arasında strateji hücum silahlarının zamanla azaldılması və məhdudlaşdırılmasına dair Tədbirlər haqqında Müqavilə üzrə dialoq məsələlərini, həmçinin Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"İclas zamanı Rusiya və ABŞ arasında strateji hücum silahlarının zamanla azaldılması və məhdudlaşdırılmasına dair Tədbirlər haqqında Müqavilə üzrə dialoq müzakirə olundu... Müvafiq informasiya Xarici İşlər naziri Sergey Lavrov tərəfindən təqdim olunub", - deyə Peskov qeyd edib.
Onun sözlərinə görə, "iştirakçılar, həmçinin Dağlıq Qarabağ ətrafında münaqişənin cari vəziyyəti haqqında fikir mübadiləsi aparıb: "Bundan əlavə, Rusiyanın daxili işlərinə dair məsələlər də müzakirə olunub".
Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.
Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.
10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.
Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.
Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.
Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.