SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: Bölgədə Türkiyənin razılığı olmadan hər hansı bir məsələ həll edilə bilməz

Prezident İlham Əliyev qeyd edib ki, Türkiyənin güclü olması Azərbaycanı, türk dünyasını da gücləndirir.
Sputnik

BAKI, 16 oktyabr - Sputnik. Türkiyənin güclənməsini istəməyənlərin kimlər olduğu bəllidir. Bir çox ölkələrdə belə dairələr var. Bu, islamofob dairələrdir. Təəssüf ki, bu gün Avropada islamofobiya artır. İslamofob partiyalar bu gün bir neçə Avropa ölkəsində parlamentdə yer alırlar. Radikal faşist partiyalar daha çox səs qazanırlar. Bu, çox təhlükəli bir meyildir. İlk növbədə, Avropa üçün təhlükəli meyildir. Eyni zamanda, islamofob qüvvələrlə yanaşı, Türkiyənin gücündən narahat olan dairələr var.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində səsləndirib.

Bu gün Türkiyənin dünyada söz sahibi olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Heç kim Türkiyəyə nəyi isə diktə edə bilməz, nəyi isə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını dünyada layiqincə müdafiə edir, öz təhlükəsizliyini bildiyi kimi təmin edir, beynəlxalq aləmdə söz sahibidir. Bölgədə Türkiyənin iştirakı, razılığı olmadan hər hansı bir məsələ həll edilə bilməz. Suriya, Liviya, ondan sonra Aralıq dənizi – bütün bunlar onu göstərdi. Ona görə bunlar Türkiyənin gücünü istəməyən və bundan narahat olan qüvvələrdir. Bu, təbiidir”.

Prezident İlham Əliyev qeyd edib ki, Türkiyənin güclü olması Azərbaycanı, türk dünyasını da gücləndirir.