Rahim Muradov, Sputnik Azərbaycan
BAKI, 16 oktyabr — Sputnik. Ötən gün İtaliyanın paytaxtı Roma şəhərində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə və sivil vətəndaşlarımıza qarşı törətdiyi vandalizm aktına etiraz əlaməti olaraq icazəli aksiya keçirilib. Aksiyada Lənkərandan olan və İtaliyanın Terni şəhərində həkim işləyən Cavid Fərzullayev də iştirak edib. C.Fərzullayevin Sputnik Azərbaycan-a verdiyi xəbərə əsasən bir neçə gün öncə Milan şəhərində də oxşar aksiya keçirilib.
Aksiyanın keçirildiyi məkan Romada İtaliya parlamentinin, Baş nazirliyinin "Çigi" sarayının (Palazzo Chigi) və digər önəmli qurumların yerləşdiyi Monte Çitoryo meydanı olub.
Aksiya Romadakı Azərbaycan Diasporu və İtaliya-Azərbaycan Gənclər Assosiasiyası tərəfindən təşkil edilib. Cavid Fərzullayevin dediyinə görə, burada Roma və ona yaxın şəhərlərdən gələn 150-dək adam iştirak edib:
"Mən Ternidən qatılmişdim. Etiraz aksiyasında əsasən İtaliyada yaşayan, işləyən və ya oxuyan azərbaycanlılardan savayı italyanlar da vardı. Çıxış edənlər arasında da italyanlar vardı. İtaliya-Azərbaycan Ticarət Palatasının sədri xanım Manuela Traldi, Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kanilyo, Sapienza Universitetinin professoru Daniel Pomyer Vinselli aksiyada iştirak edərək Azərbaycanın haqlı mövqeyini dəstəkləyən və ermənilərin təcavüzünü, sivilləri hədəf almasını pisləyən fikirlər səsləndirdilər. Mən bu cür aksiyaların davamlı olacaqlarından və İtaliyanın başqa şəhərlərində də keçiriləcəyindən əminəm."
Cavid Fərzullayev onu da qeyd edib ki, İtaliyada yaşayan azərbaycanlılar yaşadıqları, işlədikləri və oxuduqları məkanlarda Azərbaycan reallıqlarını ətrafındakılara çatdırır, hazırki dövrdə vacib faktor olan sosial şəbəkələrdəki təbliğatları ilə prosesə dəstək verirlər.