QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezident: “Ermənilər üç dəfə Hadruta hücum etdilər, üç dəfə də məğlub oldular”

Azərbaycan Prezidenti: “Ermənilər atəşkəsdən sonra üç dəfə Hadruta hücum etdilər, üç dəfə də məğlub oldular”.
Sputnik

BAKI, 16 oktyabr — Sputnik. "Bu, onların taktikasıdır. Onlar görəndə ki, artıq döyüş meydanında işğal edilmiş torpaqları qoruya bilmirlər, onları saxlaya bilmirlər, onlar atəşkəs üçün müraciət etdilər və bizə də belə bir müraciət gəldi".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində deyib.

İlham Əliyev bildirib ki, atəşkəsi istəyən Ermənistan olub: "Bildiyiniz kimi, Rusiya bu missiyanı öz üzərinə götürmüşdü. Biz də dedik ki, humanitar məqsədlər, əsirlərin dəyişdirilməsi, cəsədlərin dəyişdirilməsi üçün atəşkəs elan oluna bilər, amma eyni zamanda Moskva açıqlamasında bu göstərildi ki, mahiyyət üzrə müzakirələr bərpa edilməlidir. Eyni zamanda müzakirələrin formatı da dəyişməz qalmalıdır. ancaq görünür ki, onlar bu atəşkəsdən istifadə etmək istəyiblər. Atəşkəsdən bir gün keçməmiş Gəncəyə bu xain hücumu təşkil etdilər. Ondan sonra digər bizim şəhərlərimizi vurmağa başladılar. Və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular. Ona görə bu bunların taktikasıdır. Onlara bu atəşkəs görünür ona görə lazım idi ki, öz qüvvələrini toplasınlar, səfərbərlik tədbirləri görülsün və bizə yeni hücum təşkil edilsin. Çünki bu atəşkəsdən sonra onlar 3 dəfə Hadrut qəsəbəsini yenə də işğal altına almaq istədilər. Üç dəfə ora hücum etdilər. Amma üç dəfə də məğlub oldular. Onların niyyəti itirilmiş və onlara mənsub olmayan torpaqları yenə də qaytarmaq və beləliklə, öz işğalçılıq siyasətini davam etdirməkdir".