SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qırğızıstan prezidenti təzyiqlərə dözmədi

Qeyd edək ki, oktyabrın 6-sı Qırğızıstan Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə oktyabrın 4-ü keçirilən seçkilərin nəticələrini tanımayıb.
Sputnik

BAKI, 15 oktyabr — Sputnik. Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov istefaya getmək barədə qərar qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 6-sı Qırğızıstan Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə oktyabrın 4-ü keçirilən seçkilərin nəticələrini tanımayıb.

Xatırladaq ki, oktyabrın 4-ü Qırğızıstanda respublika parlamentinə seçkilər keçirilib. Seçicilər 12 saat ərzində – saat 08:00-dan (Bakı vaxtı ilə 06:00) 20:00-dək (18:00) səs veriblər. Parlamentdə yerlərə 16 partiya iddia edib. Seçicilərin yekun fəallığı 56,2 faizi ötüb.

Məntəqələrin 97 faizində bülletenlərin emalından sonra səsvermənin ilkin nəticələrinə görə, parlamentə dörd partiya daxil olur. Belə ki, "Birimdika" ("Birlik") 24,44 faiz, "Mekenim Kırqızıstan" ("Yurdum Qırğızıstan") 23,95 faiz, "Qırğızıstan" partiyası 8,78 faiz və "Butun Kırqızıstan" ("Bütün Qırğızıstan") 7,09 faiz səs toplayıb.

Mərkəzi Seçki Komissiyası seçkinin rəsmi nəticələrini səsvermə günündən ən geci 20 gün ərzində açıqlamalıdır.

Seçkilərdə məğlub olan partiyanın nümayəndələri küçələrə çıxıblar. Onlardan birinə - "Qırğızıstanın sosial-demokratları" Partiyasına sabiq Prezident Almazbek Atambayevin oğlu, Sayitbek Atambayev rəhbərlik edir. Etirazçılar seçkilərin ləğvini və təkrar seçkilərin keçirilməsini tələb ediblər. Bazar ertəsi axşam Bişkekdə qarşıdurma baş verib. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, nəticədə 590 nəfər yaralanıb, bir nəfər ölüb.