Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn bütün norma və prinsiplərini, o cümlədən, mülki şəxslərin müdafiəsi haqqında Cenevrə və hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında Haaqa konvensiyalarını kobud şəkildə pozaraq bilərəkdən mülki əhaliyə zərbə endirir.
Ombudsman Səbinə Əliyeva Sputnik Azərbaycan-a müsahibəsində belə bir bəyanatı səsləndirib.
O bildirib ki, Ombudsman Aparatı tərəfindən Azərbaycan əhalisinin bütün fundamental hüquq və azadlıqlarının pozulmasına dair faktaraşdırıcı missiya həyata keçirilib.
“Bu missiya nəticəsində hesabat hazırlanıb. Həmin hesabat artıq bütün nüfuzlu beynəlxalq təşkilatlara göndərilərək onlardan tələb edilib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinə layiqli və ədalətli şəkildə reaksiya versinlər. Azərbaycana qarşı törədilən bu hücum terror hadisəsidir və faktların təhrif olunması təcavüzkara dəstək, beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir” – Əliyeva qeyd edib.
Ombudsman tezliklə torpaqlarımızda sülh bərqərar olacağına, bizim vətəndaşların bütün hüquq və azadlıqları bərpa olunacağına inandığını bildirib.
İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi hissəsini raket atəşinə tutub.
Prezidentin köməkçisi Hikmət Hacıyevin bildirdiyinə görə, üç yaşayış binası dağıdılıb. İndiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7-dən çox mülki şəxs öldürülüb. 33 uşaq ağır yaralanıb.