Azərbaycanın dinc sakinlərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması onlarla insanın ölümünə, yüzlərlə insanın yaralanmasına, əmlakını və evini itirməsinə gətirib çıxarıb. Dinc sakinlər üçün faciənin miqyası böyükdür, yaxın qohumların itirilməsi isə çoxları üçün yara kimi qalacaq. Atəşə məruz qalmış, yaxud atəş nəticəsində yaxınını itirmiş adamların simasına baxanda başa düşürsən ki, onların həyatı heç vaxt əvvəlki kimi olmayacaq.
Dinc əhaliyə qarşı silahlı təcavüz dünyanın hüquq təşkilatları tərəfindən pislənilir, lakin bu, Gəncədə olduğu kimi, Ermənistan silahlı birləşmələrinə şəhərləri hətta sakinlər yatarkən belə bombalamağa mane olmur. Belə atəşlər nə qədər kədər gətirəcək?
Hərbi əməliyyatların 27 sentyabrda başlanmasından 14 oktyabr saat 12:00-dək Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatlar nəticəsində 43 nəfər dinc sakin qətlə yetirilib.
Mülki şəxslər arasında xəsarət alanların sayı 214 nəfərdir. Bundan başqa, 1505 yaşayış evi, 277 mülki obyekt və 66 çoxmənzilli ev dağıdılıb.