QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Aleksey Çepa: Türkiyəni Qarabağla bağlı danışıqlar prosesindən kənarlaşdırmaq olmaz"

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Aleksey Çepanın sözlərinə görə, Ankara əvvəllər də danışıqlar prosesinin iştirakçısı olub
Sputnik

BAKI, 14 oktyabr — Sputnik. Türkiyəni Dağlıq Qarabağla bağlı danışıqlar prosesindən kənarlaşdırmaq olmaz. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu fikri Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Aleksey Çepa səsləndirib. Onun sözlərinə görə, Ankara əvvəllər də danışıqlar prosesinin iştirakçısı olub.

"Türkiyə buna qədər də 1990-cı illərdə baş tutmuş Qarabağla bağlı bir sıra görüşlərin iştirakçısı olub və düşünürəm ki, bir tərəfdən, Türkiyə bu gün vəziyyəti bir qədər gərginləşdirsə də, digər tərəfdən, danışıqlar prosesinin iştirakçısı kimi kənarda qala bilməz", – deyə millət vəkili bildirib.

Qeyd edək ki, bundan əvvəl, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın rəsmi Ankaranın Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ problemi ilə bağlı Azərbaycan, Ermənistan, Türkiyə və Rusiyanın iştirakı ilə dördtərəfli danışıqlar aparmaq təklifinə etiraz etmədiyini bəyan etmişdi.

Hikmət Hacıyev: "Ermənistan çalışır ki, üçüncü tərəfləri münaqişəyə cəlb etsin"

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Bundan başqa, Ağdərə və Murovdağ istiqamətində ermənilərin bir neçə postu darmadağın edilib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin Goranboy istiqamətindəki strateji yüksəkliklərdən birini - Murovdağ dağ silsiləsinin Murov yüksəkliyini azad edib. Azərbaycan ordusu Talış kəndi ətrafında bir neçə strateji yüksəkliyi də Ermənistanın işğalçı qüvvələrindən təmizləyib.

Oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

 Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.