QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rəsmi Ankara: "Masada da, meydanda da Azərbaycanı dəstəkləyəcəyik"

Çavuşoğlu: Beynəlxalq birliyin atəşkəs çağırışlarını məqbul qarşılayırıq və buna əlavə olaraq, Ermənistana da geri çəkil çağırışı edilərsə, onda beynəlxalq birliyin bu problemi həll etmə arzusunu görə bilərik.
Sputnik

BAKI, 13 oktyabr — Sputnik. Azərbaycanın verəcəyi qərarı hər şərtdə - masada və meydanda dəstəkləyəcəyik. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İsveçdən olan həmkarı Ann Linda ilə görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

"Beynəlxalq birliyin atəşkəs çağırışlarını məqbul qarşılayırıq və buna əlavə olaraq Ermənistana da geri çəkil çağırışı edilərsə, onda beynəlxalq birliyin bu problemi həll etmə arzusunu görə bilərik. Ancaq belə çağırış edilmir", - deyə Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Mövlud Çavuşoğlu Moskva görüşü barədə: Azərbaycanın verdiyi qərarları dəstəkləyirik

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.