CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diplomların tanınması proseduru təkmilləşdiriləcək - Qanuna dəyişiklik edilir

Bununla da ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndiriləcək, ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq
Sputnik

BAKI, 13 oktyabr — Sputnik. Milli Məclisin Elm və təhsil komitəsinin iclasında "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara dəyişikliklər birinci oxunuşda müzakirə edilib. Bu barədə parlamentdən Sputnik Azərbaycan-a məlumat veriblər.

Komitə sədri Bəxtiyar Əliyev bildirib ki, təklif olunan düzəlişlər "Təhsil haqqında" qanunun bəzi müddəalarının təkmilləşdirilməsini nəzərdə tutur: "Belə ki, qanunun müvafiq maddələrində "xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası" anlayışının daxil edilməsi, eləcə də, "xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)" ifadəsinin "xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması" ifadəsi ilə əvəz edilməsi təklif olunur. Bununla da ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndiriləcək, ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq".

Komitə sədri deyib ki, xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş subbakalavr diplomlarının tanınması ilə xaricdə bu təhsili almış vətəndaşlarımızın, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsillərini ölkəmizdə təhsilin növbəti pillələrində davam etdirmək imkanları yaranacaq.

"Peşə təhsili haqqında" qanun layihəsi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb və terminalogiyanın eyniləşdirilməsi məqsədi daşıyır. Qeyd edilib ki, həmin qanunda kvalifikasiya anlayışı belə verilir "kvalifikasiya – şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunun dövlət təhsil sənədi ilə təsdiq edilməsidir".

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Komitə sədri Bəxtiyar Əliyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsində cəbhə xəttində vəziyyət barədə fikirlərini açıqlayıb. Qeyd edilib ki, Ermənistanın təxribatları regionda təhlükə yaradır. İşğalçının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Ordusu lazımi addımlar atır. Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur. Sentyabrın 27-dən bu günədək bütün baş verənlər Ermənistanın faşist mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Son hadisələr bir daha göstərdi ki, Ermənistan işğalçı dövlətdir. Azərbaycan isə yalnız özünü müdafiə etmək üçün əks-hücum əməliyyatları həyata keçirir. Komitə sədri öz çıxışında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunub, fikirlərini söyləyib.

Bildirilib ki, oktyabrın 9-da Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin iştirakı ilə danışıqlar zamanı Dağlıq Qarabağda cəbhə xəttində humanitar atəşkəs elan edilməsi barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan növbəti dəfə riyakarlıq göstərərək oktyabrın 11-nə keçən gecə Azərbaycanın döyüş bölgəsindən kənarda yerləşən, ölkənin ikinci böyük şəhəri Gəncəni raket hücumuna tutub və nəticədə mülkü əhali arasında ölənlər və yaralananlar var. Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi rayonlarının ərazilərini atəşə tutub. Biz bunu qəti şəkildə pisləyirik. Dünya birliyi də bu məsələdə Azərbaycanı dəstəkləyir.