CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ANAMA 374 bombacıq partlatdı

Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər 1276 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparıblar.
Sputnik

BAKI, 13 oktyabr - Sputnik. Oktyabrın 12-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tovuz, Tərtər rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 25 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 müraciət daxil olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, 27 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları Ağdam rayonunun Əfətli, Təzəkənd, Alıbəyli, İmamqulubəyli kəndləri, Ağcabədi rayonunun Rəncbərlər, Arazbar, Hacılar kəndləri, Hacıbəyov və Xan Şuşinski küçələri, Bərdə rayonunun Hacılı kəndi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Qazaxlar, Şükürbəyli kəndləri və Haramı düzü, Goranboy rayonunun Tapqaraqoyunlu və Aşağı Ağcakənd kəndləri, Tovuz rayonunun Aşağı Mülkülü kəndi, Tərtər şəhərinin F.Qulami, N.İsgəndərov, T.Hüseynov, R.Orucov, V.Həsənov və Ü.Hacıbəyov küçələrinə, Gəncə və Mingəçevir şəhərləri ərazisində DİN əməkdaşları ilə birlikdə 25 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçiriblər. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 240 mm-lik M24F raketi, 1 ədəd 100 mm-lik top mərmisi (OF-32), 1 ədəd 9M528 raketinin idarəetmə bloku, 24 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 374 ədəd bombacıq partlayış yolu ilə mərkəzi məhvetmə ərazisində zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər 1276 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparıblar.