Bu gün Gəncədə törədilən hərbi cinayətin qurbanları yad edilib. Gəncəlilər faciənin törədildiyi yerə gələrək, oraya gül dəstələri qoyublar. Hamının yadında isə orada xüsusi olaraq uşaqların da bu faciənin qurbanı olduğunu xatırladan gəlincik qalıb.
Bundan başqa, Bakıda akkreditasiya olunan xarici diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri Ermənistan Baş naziri Nikol Paşinyanın Gəncə şəhərinin dinc sakinlərinə qarşı törətdiyi hərbi cinayətləri öz gözləri ilə gördülər.
Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib. Oktyabrın 12-də isə yaralı şəxslərdən biri, 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.
Hazırda digər yaralı şəxslərin stasionar şəkildə müalicələri davam etdirilir.