Ermənistan ordusunun ən çox atəşə məruz qoyduğu yaşayış məntəqələrindən biri Ağcabədinin Qiyaməddinli kəndidir. İndiyədək Qiyaməddinlidə 12 ev dağılaraq yararsız hala düşüb, 21 evə isə ziyan dəyib. Xeyli iribuynuzlu və xırdabuynuzlu heyvan tələf olub. Humanitar atəşkəs elan olunduqdan sonra da Ermənistan ordusunun təxribatları davam edib və bu kənddə bir neçə evə ziyan dəyib. Hətta atılan mərmilərdən yanan və dağılan evlər də var.
Qiyaməddinli sakinləri isə 90-cı illərin əvvəllərində də kəndin mərmi atəşlərinə məruz qaldığını və bu dəfə də mərmi səslərinin onları qorxutmadığını bəyan ediblər.