QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Yol polisi maşınlara vurulan bayraqlara görə sürücülərə xəbərdarlıq edə bilər

Baş Dövlət Yol Polisinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev: "Avtomobillərdə istifadə olunan bayraq dövlət qeydiyyat nişanını, eləcə də işıqların üstünü tutmamalı, sürücünün görünüş dairəsini məhdudlaşdırmamalıdır".
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 12 oktyabr — Sputnik. Azərbaycan Ordusunun cəbhə bölgəsində göstərdiyi qəhrəmanlıq xalqımızda döyüş ruhunu yüksəldir. Hər kəs bacardığı qədər cəbhə bölgəsinə yardım edir. Azərbaycan bayrağını avtomobillərə, mənzillərin eyvanlarına asaraq öz hisslərini büruzə etməyə çalışırlar.

Ancaq bayrağın avtomobillərdən asılması zamanı unudulur ki, o, küləyə və yağışa davamlı deyil. Avtomobillərin üzərində yağışlı və küləkli havada qalan bayraqlar aşınır, rəngi solur, cırılır, palçığa bulaşır, sıradan çıxır.

Nəqliyyat məsələri üzrə ekspert Elməddin MuradlıSputnik Azərbaycan-a açıqlamasında bildirib ki, avtomobillərin arxa şüşələrinə, güzgülərə, anten yerinə bayraq vurulur və həmin bayraq yağışın, küləyin təsirindən bərbad vəziyyətə düşür.

Tovuzun qocaman sakini Şuşa üçün bayraq tikir

Ekspertin sözlərinə görə, avtomobillərə bayrağın vurulması qanunla qadağandır.

Ancaq həssas dövr olduğu üçün hamı evlərinə, eyvanlarına, avtomobillərinə bayraq vurur. Buna baxmayaraq, bayraq qorunmalıdır. Yağışlı və küləkli havalarda bayraqlar avtomobillərdən yığışdırılmalıdır ki, zədələnməsin:

"Avtomobillərinə bayraq vurmaq istəyənlər bunu şüşənin altından vurmalıdır. Bu zaman nə yağış, nə gün bayrağı vurub sıradan çıxarır. Elə etmək lazımdır ki, yağışlı günlərdə bayrağa dəyər verilsin, yağışın altında avtomobillərdən asılmasın".

Baş Dövlət Yol Polisinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev qeyd edib ki, avtomobillərdə istifadə olunan bayraq dövlət qeydiyyat nişanını, eləcə də işıqların üstünü tutmamalı, sürücünün görünüş dairəsini məhdudlaşdırmamalıdır.

Bu səbəbdən müəyyən qaydalara əməl etməyən sürücülərə xəbərdarlıq oluna bilər.

"Bununla yanaşı, yağışlı havalarda avtomobillərdə yararsız vəziyyətə düşən bayraqların fotosunu çəkiblər. Bu məsələ ilə bağlı sürücülərə müraciət olunub. Qeyd edilib ki, bayraqların belə vəziyyətdə istifadəsi düzgün deyil. Avtomobillərdə bayraqlarımızın görünməsi təqdirəlayiqdir. Bayrağa hörmət edilməlidir", - deyə K.Əliyev əlavə edib.