BAKI, 12 oktyabr — Sputnik. Son günlər bir çox özəl telekanallarda şou-proqramların nümayiş olunması cəmiyyət arasında səs-küyə səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçiləri yerli özəl telekanalları öz səhifələrində kəskin qınaq atəşinə tutdular. Bəs görəsən, bu ərəfələrdə şou-proqram nümayiş etdirən telekanalları hansı cəza gözləyir?
Elə bu məsələ ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Fazil Novruzovla əlaqə saxladıq. Aparat rəhbərinin Sputnik Azərbaycan-a açıqlamasında bildirilib ki, bu məsuliyyət tam onların özlərindən asılıdır: "Bu, onların peşə fəaliyyətidir. İstəyərlər, çal-çağır göstərərlər, istəyərlər, vətənpərvərlik mövzusunda proqramlar tərtib edərlər. Əgər ölkə üzrə ümumxalq matəm günü elan olunsaydı, bu zaman qanun çərçivəsində müəyyən cəzalar tətbiq olunardı. Yalnız qanunvericilik tələbləri pozularsa, biz ona reaksiya verə və sankiya tətbiq edə bilərik. Amma ölkədə ümumxalq matəm günü elan olunmayıb. Ona görə də telekanallar, radiolar istədikləri mövzuda verilişlər, filmlər, mahnılar təqdim edə bilərlər. Doğrudur, müharibə gedir, hər birimizin ürəyi oradadır. Amma bizdə senzura yoxdur, KİV-ə qadağalar qoya bilmərik".