İQTİSADİYYAT

Ordumuz Mingəçevirdə regional fəlakətin qarşısını alıb

Energetika naziri Pərviz Şahbazovun Azərbaycanın neft və elektrik enerjisi infrastrukturunun hədəfə alınması barədə məlumatları, Ermənistanın təxribatlarının qınanılmasına çağırışı əks etdirən müraciəti Beynəlxalq Enerji Xartiyası Katibliyinin rəsmi səhifəsində yayılıb
Sputnik

BAKI, 11 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılaşmasına məhəl qoymayaraq Mingəçevirdə elektrik stansiyalarını hədəfə alan hücümları regionda enerji və ekoloji təhlükəsizliyə qarşı yönəlmiş növbəti cinayət hadisədir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Energetika Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, raketlərin Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilməsi ilə baş verə biləcək regional fəlakətin qarşısı alınmış oldu. Mingəçevirdə yerləşən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası “Azərbaycan” İES və Mingəçevir SES hazırda normal rejimdə fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Energetika naziri Pərviz Şahbazovun Azərbaycanın neft və elektrik enerjisi infrastrukturunun hədəfə alınması barədə məlumatları və Ermənistanın təxribatlarının qınanılmasına çağırışı əks etdirən müraciəti Beynəlxalq Enerji Xartiyası Katibliyinin rəsmi səhifəsində yayılıb. Müraciət OPEC Baş Katibliyi tərəfindən də “OPEC plus” ölkələrinə göndərilib.