QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Gəncəyə raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib - İlham Əliyev

Prezident həmçinin qeyd edib ki, Ermənistanın Gəncəyə raket hücumu Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür
Sputnik

BAKI, 11 oktyabr — Sputnik. "Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır".

Sputnik Azərbaycan bildirir ki, bunu Prezident İlham Əliyev Tvitter hesabında yazıb.

Dövlət başçısı qeyd edib ki, həmin raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib: “Ermənistan tərəfinin məqsədi işğaldan azad edilmiş əraziləri yenidən işğal etməkdir".

​İlham Əliyev bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır: “Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!”

O, həmçinin qeyd edib ki, Ermənistanın Gəncəyə raket hücumu Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür: "Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz".