QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan atəşkəsi pozmaqda davam edərsə, Azərbaycan cavab verəcək - Hikmət Hacıyev

"Ermənistan tərəfi humanitar əsaslarla olan atəşkəsi pozmaqda davam edərsə, Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək cavab verəcək.", - deyə Prezidentin köməkçisi bildirib.
Sputnik

BAKI, 10 oktyabr — Sputnik. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib ki, Ermənistanın təcavüzü davam etməkdədir.

Hacıyevin sözlərinə görə, Moskvada qəbul edilmiş bəyanatdan sonra humanitar əsaslı müvəqqəti atəşkəs elan olunub. Lakin atəş qüvvəyə minəndən sonra da Ermənistanın Azərbaycanın mövqelərinə və mülki şəxslərə hücumu davam edir. Bu da Ermənistanın riyakarlığını göstərir. Azərbaycan Silahlı Qüvvələri də təxribatlara cavab verir. Beynəlxalq ictimaiyyət Ermənistanın riyakar siyasətini bir daha görməkdədir.

"Ermənistan tərəfi humanitar əsaslarla olan atəşkəsi pozmaqda davam edərsə, Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək cavab verəcək.", - deyə Prezidentin köməkçisi bildirib.

O qeyd edib ki, son proseslər Ermənistanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını göstərib.

Ermənistanın status-kvonu qorumaq siyasətini yürütdüyünü vurğulayan Hacıyev deyib ki, Paşinyanın "Qarabağ Ermənistandır" deməsi danışıqlar prosesinə zərbə idi.

"Ermənistanda bəziləri özlərini hələ də qalib saymağa, işğalı davam etdirməyə çalışırdılar. Azərbaycanın əks-hücumu nəticəsində Ermənistanın illüziyaları darmadağın edildi. Ermənistan silahlı qüvvələrinə 10 gün ərzində böyük zərbə vuruldu. Ermənistanın ən döyüşkən hərbi hissələri darmadağın edildi. 30 il ərzində Ermənistan bu hərbi sistemi, o infrastrukturu formalaşdırmışdı. Coğrafi cəhətdən kiçik bir ərazidə Ermənistan tərəfindən böyük silah, texnika və sursatla təchiz edilmişdi. Azərbaycan silahlı qüvvələri sıx atəş altında belə uğurlu əməliyyat həyata keçirdi. Ermənistanın hücumlarına cavab olararaq yenə də cavablar verilir", - deyə Prezidentin köməkçisi əlavə edib.

Hacıyev onu da deyib ki, son hərbi əməliyyatlar zamanı Azərbaycanın əldə etdiyi üstünlük Ermənistanı humanitar atəşkəsə razılıq verməyə vadar edib.

"Ermənistan humanitar əsaslarla atəşkəs üçün yalvardı", - deyə Hacıyev əlavə edib.