QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ceyhun Bayramov türkiyəli həmkarına atəşkəsin müvəqqəti olduğunu deyib

Nazir Azərbaycan və Ermənistan tərəfi arasında humanitar məqsədlərlə müvəqqəti atəşkəsin elan olunduğunu, mahiyyət etibarilə danışıqların aparılması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair sonuncu şansın verildiyini deyib.
Sputnik

BAKI, 10 oktyabr — Sputnik. Cari ilin 10 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov Moskva şəhərində Rusiya Xarici İşlər nazirinin vasitəçiliyi ilə keçirilən Azərbaycan, Ermənistan Xarici İşlər nazirlərinin görüşü barədə Türkiyəli həmkarını məlumatlandırıb.

Nazir Azərbaycan və Ermənistan tərəfi arasında humanitar məqsədlərlə müvəqqəti atəşkəsin elan olunduğunu, mahiyyət etibarilə danışıqların aparılması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair işğalçı ölkəyə sonuncu şansın verildiyini qeyd edib.

Mövlud Çavuşoğlu Moskva görüşü barədə: Azərbaycanın verdiyi qərarları dəstəkləyirik

Mövlud Çavuşoğlu Türkiyənin əsirlərin və cəsədlərin dəyişdirilməsi üçün elan edilən atəşkəsin önəmli bir addım olmaqla yanaşı, davamlı həll yolu olmadığını və Türkiyənin yalnız Azərbaycanın qəbul edəcəyi həll yolunu dəstəkləyəcəyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın prinsipial mövqeyinə istinad edərək bölgədə sülhün təmin edilməsi üçün BMT TŞ-nin müvafiq qətnamələrinin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

Xatırladaq ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.
Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.
Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.