BAKI, 10 oktyabr - Sputnik. Atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Ağdam rayonu ərazisini atəşə tutur.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Günorta saatlarında Ermənistan SQ Tuğ kəndi istiqamətindən Hadrut istiqamətində, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətində hücum etməyə cəhd göstərib.
Bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib. Döyüş toqquşması nəticədə düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını məhv edilib.
Qoşunlarımız hazırda bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir.