CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tərtər və Goranboyda yenə yaralananlar var

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir
Sputnik

BAKI, 9 oktyabr — Sputnik. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələri və mülki əhalini hədəfə almaqla 09.10.2020-ci il tarixdə saat 18 radələrindən başlayaraq Goranboy və Tərtər rayonlarını müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub.

09.10.2020-ci il tarixdə saat 18 radələrində Goranboy rayonun Tapqaraqoyunlu kəndinə düşmən ölkənin silahlı qüvvələri tərəfindən 22 top mərmisinin atılması nəticəsində həmin kənd sakini, 1980-ci il təvəllüdlü Mehracov Sənan Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Bundan başqa, Tərtər rayonunun inzibati mərkəzinin də eyni zamanda top atəşinə tutulması nəticəsində rayon sakini, 1968-ci il təvəllüdlü Fərəcov Müşfiq Təvəkkül oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.