CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əməkhaqlarının birgə maliyyələşməsi proqramına başlanılır

Layihənin icrası zamanı şəhid ailəsi üzvlərinə, gənclərə, əlilliyi olan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük veriləcək
Sputnik

BAKI, 9 oktyabr — Sputnik. Dövlət Məşğulluq Agentliyi əməkhaqlarının bir hissəsinin birgə maliyyələşməsi proqramına başlayır. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olan məlumatda bildirilir. Xəbərə görə, işəgötürənlər (dövlət və bələdiyyəyə məxsus hüquqi şəxslər istisna olmaqla) əməkhaqlarının bir hissəsinin İşsizlikdən sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilməsi proqramında iştirak edə bilərlər. Proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilir.

Son 1 ildə fəaliyyətdə olan, Agentlik tərəfindən müəyyən edilən prioritet iqtisadi sahələr və peşələr (ixtisaslar) üzrə vakansiyası olan və ya yeni vakansiya yaradan işəgötürənlər proqrama müraciət edə bilər. Layihənin icrası zamanı şəhid ailəsi üzvlərinə, gənclərə, əlilliyi olan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük veriləcək. Məqsəd sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə dəstək olmaq, onların məşğulluğunu təmin etməkdir. Proqramda iştirak Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli Qərarı ilə təsdiq edilmiş "Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası"na uyğun həyata keçirilir. İşəgötürənlər proqrama aşağıda göstərilmiş keçid vasitəsi ilə müraciət edə bilərlər.