BAKI, 9 oktyabr — Sputnik. 2027-ci ilin sonunadək Bakının şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həll edilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirəcək yeni magistral avtomobil yolunun tikintisi planlaşdırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanmış Bakının Baş planının ilkin layihəsində deyilir.
"Hazırda paytaxtın küçə-yol şəbəkəsi əsasən radial-həlqəvi nəqliyyat marşrutları üzrə təşkil edilib. Gələcəkdə həmin nəqliyyat marşrutlarının inkişaf etdirilərək diaqonal marşrutlara çevrilməsi ilə məntiqi tamamlandırılması prinsipi də əsas götürülərək paytaxtın yeni nəqliyyat planlaşdırılma sxemi hazırlanıb", - layihədə qeyd edilib.
Xarici həlqəvi marşrutların tamamlanması məqsədilə "Xarici Dairəvi Yolu-Böyükşor-Ziya Bünyadov" həlqəvi marşrutunun, habelə "Lökbatan-Xocasən-Binəqədi-Böyükşor-Sabunçu" Xarici Həlqəvi Yolunun yaradılması nəzərdə tutulur.
"Zığ-Aeroport" şosesi vasitəsilə şəhərin şərq və şimal-qərb hissələrinin həlqəvi birləşmə marşrutunun tamamlanması məqsədilə "Xırdalan-M1 avtomobil yolu-Digah-Zabrat-Hava Limanı" həlqəvi magistralın yaradılması nəzərdə tutulur.
Paytaxtın mərkəzi hissəsinin əlavə nəqliyyat yükündən qorunması məqsədilə "Mehdiabad-Dərnəgül-Ziya Bünyadov prospekti-Keşlə-Babək prospekti-"Ağ şəhər"-"Nobel prospekti" yeni diaqonal nəqliyyat marşrutunun yaradılması planlaşdırılır.
"Bakı-Sumqayıt" şosesində, Xırdalan və "20 Yanvar" dairələrində nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılır.
Xarici həlqəvi yolun tamamlanması məqsədilə Səttar Bəhlulzadə küçəsi ilə "Zığ-Hövsan" şosesini, o cümlədən Sabunçu dairəsi ilə Bülbülə gölünün qərbindən keçməklə Zığ şosesini birləşdirəcək yeni həlqəvi yolların yaradılması planlaşdırılır.
Bunlarla yanaşı, mövcud nəqliyyat tıxaclarının qarşısının alınması və paytaxtın küçə-yol şəbəkəsinin inkişaf etdirilməsi məqsədilə əlavə bir sıra zəruri tədbirlər də nəzərdə tutulur.
Qeyd edilən tədbirlərin həyata keçirilməsi nəticəsində 2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğunun yerli əhəmiyyətli yollarla birlikdə 2300 km-dən 2550 km-ə çatdırılması planlaşdırılır.