QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Erməni deputat Qarabağda döyüşə gedib

Ermənistan Parlamentinin "Çiçəklənən Ermənistan" fraksiyasından olan deputatı Qrant Madatyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə döyüşə gedib.
Sputnik

BAKI, 8 oktyabr — Sputnik. Ermənistan Parlamentinin "Çiçəklənən Ermənistan" fraksiyasından olan deputatı Qrant Madatyan Azərbaycanın işğal altında olan bölgəsi Dağlıq Qarabağda döyüşə gedib. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Parlamentinin vitse-spikeri Vaqe Enfiadcyan bildirib.

O, həmçinin bildirib ki, digər deputatlar da Qarabağa səfərlər edirlər.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Deputat: "Mən də komandir qismində döyüşdə iştirak etməyə hazıram"

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Bundan başqa, Ağdərə və Murovdağ istiqamətində ermənilərin bir neçə postu darmadağın edilib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin Goranboy istiqamətindəki strateji yüksəkliklərdən birini - Murovdağ dağ silsiləsinin Murov yüksəkliyini azad edib. Azərbaycan ordusu Talış kəndi ətrafında bir neçə strateji yüksəkliyi də Ermənistanın işğalçı qüvvələrindən təmizləyib.

Oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.