Ayla bağlı planlar: biri şəhər salmamış o biri yanacaq zavodu tikir

Yapon alim Kodayra qeyd edib ki, bununla belə, Ayda aşkarlanan şaquli mağaralar ("lava boruları") radiasiya təhlükəsi ilə bağlı vəziyyəti dəyişib
Sputnik

BAKI, 8 oktyabr — Sputnik. Yapon alimləri Ayda şəhər salmağın yolunu tapıblar. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Yaponiyanın Radioloji Tədqiqatlar İnstitutunun alimi Satosi Kodayra məlumat verib. Onun sözlərinə görə, Aydakı şaquli lava tunelləri yalnız insanların uzun müddət orada qalmasına imkan verən bazaların yaradılmasını deyil, həm də şəhərlərin inşasını reallığa çevirə bilər.

S.Kodayra bu yaxınlarda öz həmkarları ilə birlikdə yeni bir elmi-tədqiqat üzərində işi yekunlaşdırıb. Həmin tədqiqatın nəticəsinə görə, Ayda vulkan püskürmələrindən sonra yaranan lava tunelləri radiasiyadan və meteoritlərdən müdafiə olunmağa imkan verir.

"Aparılan son elmi müşahidələrə görə, Ayın səthində radiasiya səviyyəsi Beynəlxalq Kosmik Stansiyada (ISS) olduğundan daha yüksəkdir. Düşünürəm ki, bu, yalnız insanlar üçün deyil, həm də avadanlıqlar üçün problem yaradır, orada uzunmüddətli fəaliyyətə mane olur və bəzi hallarda bunu mümkünsüz edir", – deyə alim qeyd edib.

Onun sözlərinə görə, açıq kosmik məkanda hər tərəfdən radioaktiv təzyiqə məruz qalmaq mümkündür və bu zaman radiasiya təhlükəsi NASA-nın nəhəng Gateway platformasındakından daha çox olur.

Daha öncə xəbər verildiyi kimi, ABŞ Ayətrafı orbitdə Gateway stansiyası tikməyi planlaşdırır və ISS üzrə tərəfdaşlarını bu layihədə iştiraka dəvət edib. Artıq Yaponiya sözügedən layihədə iştirak etməkdə maraqlı olduğunu açıqlayıb.

Ay səthindəki radiasiya ölçüldü

Kodayra qeyd edib ki, bununla belə, Ayda aşkarlanan şaquli mağaralar ("lava boruları") radiasiya təhlükəsi ilə bağlı vəziyyəti dəyişib. Belə ki, lava boruları yalnız radiasiyadan və kiçik meteoritlərdən qorumur, həm də sabit temperatur rejimini mühafizə edir ki, bu da orada uzunmüddətli insan fəaliyyətini reallığa çevirir.

Yaponiyalı alim onu da xatırladıb ki, 2017-ci ildə JAXA Aerokosmik Agentliyi "lava mağara"sının eninin ən az 100 metr olduğu, dərinliyinin isə 50 kilometrə çatdığı barədə məlumat yayıb.

Qeyd edək ki, Kyodo Xəbər Agentliyinin JAXA-ya istinadən verdiyi xəbərə görə, Yaponiya 2035-ci ilə qədər Ayda yanacaq zavodu tikməyi planlaşdırır. Bu zavoddan Yerin peykinin genişmiqyaslı tədqiqatlarında istifadə olunması nəzərdə tutulur.

JAXA mütəxəssislərinin sözlərinə görə, Ayda tikiləcək zavoddan əldə olunacaq hidrogen və oksigendən enerji istehsalı, raket yanacağı və Ay səthində enerji mənbəyi kimi istifadə olunması nəzərdə tutulur.