BAKI, 7 oktyabr — Sputnik. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) cəbhədəki vəziyyət və Qarabağdakı hərbi əməliyyatlarla əlaqədar olaraq ölkənin mikrokredit təşkilatlarına müraciət edib.
AMFA-dan Sputnik Azərbaycan-a bildirilib ki, müraciətdə assosiasiya onları bəzi müştərilərə güzəşt etməyə və əhalinin həssas təbəqələrinə dəstək verməyə çağırıb. Sıralarında Azərbaycanın çoxsaylı mikromaliyyə qurumlarını – bir sıra bank və bank olmayan kredit təşkilatlarını birləşdirən AMFA bildirir ki, erməni tərəfinin çoxsaylı təxribətlarının qarşısını almaq, vətəndaşların təhlükəsizliyini qorumaq və işğal altındakı torpaqlarını azad etmək üçün Azərbaycan Ordusu sentyabrın 27-də əks-hücum əməliyyatlarına başlayıb. Bununla əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyev ölkədə hərbi vəziyyət elan edilməsi haqqında Fərman imzalayıb və onun icrası üçün tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Azərbaycan Mikromaliyyə Assosiasiyasına daxil olan müraciətlərdə mikromaliyyə təşkilatları ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, Ordumuzun, qəhrəman əsgərlərimizin yanında olduqlarını bəyan edir, onlara dəstək olmaq istədiklərini bildirirlər.
AMFA-nın idarə heyəti mikromaliyyə təşkilatlarından daxil olan müraciətləri nəzərə alaraq, üzv təşkilatlarına hərbi vəziyyətin elan edilməsi ilə bağlı bəzi tövsiyələr verib. AMFA kredit təşkilatlarına Silahlı Qüvvələrə Yardım Fonduna vəsaitin köçürülməsini və döyüş bölgəsindən təxliyyə edilmiş mülki şəxslərə humanitar yardımın edilməsini tövsiyə edib.
Bundan başqa, AMFA öz üzvlərinə tövsiyə edib ki, şəhid olmuş borcluların və ailə üzvü şəhid olmuş borcluların kredit borcları bağlansın. Həmçinin hərbi əməliyyatlarda iştirak edən hərbi vəzifəlilərin (hərbi strukturlarda çalışan, hərbi xidmətdə olan, qismən səfərbərlik nəticəsində cəlb olunan), yaşayış yerindən təxliyyə edilmiş borcluların kreditləri üzrə faiz hesablanması dayandırılsın və kredit ödənişləri təxirə salınsın.
İnanırıq ki, Azərbaycanın rəşadətli Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə işğal olunmuş torpaqları azad edəcək və ərazi bütövlüyümüz tezliklə bərpa olunacaq.