QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Cəbhəyanı bölgələrdə 650 ailəni sevindirdilər

Onların əksər hissəsini şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri və veteranları, digər kateqoriyalara aid əlilliyi olan şəxslər, məcburi köçkünlər, çoxuşaqlı ailələrin üzvləri və başqaları təşkil edib
Sputnik

BAKI, 7 oktyabr — Sputnik. Təkcə son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində cəbhəyanı rayonlarda 650 şəxs mal və materiallar formasında aktivlərlə təmin olunub. Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən daxil olan məlumatda bildirilir. Onların əksər hissəsini şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri və veteranları, digər kateqoriyalara aid əlilliyi olan şəxslər, məcburi köçkünlər, çoxuşaqlı ailələrin üzvləri və başqaları təşkil edib. Verilmiş aktivlər hesabına onların ailə təsərrüfatları yaradılıb.

Yeni təsərrüfat sahibləri xalqımızı möhtəşəm qələbələrə doğru aparan Prezident, Ali Baş Komandan İlham Əliyevlə, onun rəhbərliyi ilə qüdrətli ordumuzun əldə etdiyi zəfərlərlə sonsuz iftixar hissi keçirdiklərini vurğulayıblar. Ümumilikdə bu il özünüməşğulluq proqramı əsasında ölkə üzrə 2200-dən çox şəxs aktivlərlə təmin olunub. Proqram çərçivəsində yeni ailə təsərrüfatlarının yaradılması işləri davam edir. Ərazilərimizin işğaldan azad edilməsi istiqamətində Azərbaycan Ordusunun şanlı qələbələri, düşmənə vurduğu sarsıdıcı zərbələr bütün xalqımızda böyük ruh yüksəkliyi yaradır. Təcavüzkar Ermənistanın cəbhə zonasında yerləşən yaşayış məntəqələrimizi, mülki əhalini aramsız atəşə tutmasına baxmayaraq, cəbhəyanı bölgələrin sakinləri bundan qətiyyən sarsılmır. Əksinə, onlar qüdrətli ordumuza güvənərək öz doğma yurdlarında həyat və məişətlərinə davam edir, eyni zamanda, dövlətin dəstəyi ilə yeni ailə təsərrüfatlarını qurur, fəaliyyətlərini daha da genişləndirirlər.