QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qardaş ölkənin dəstəyi davam edir - "İki dövlət, bir millət" təkcə şüar deyil"

Türk vətəndaşı: "Azərbaycanın işğal altında olan torpaqları uğrunda yürütdüyü haqlı mübarizədə biz də yanındayıq"
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 7 oktyabr — Sputnik. Son günlər Azərbaycan Ordusunun aparığı uğurlu əməliyyatları nəticəsində Cəbrayıl şəhəri və bir sıra kəndlərimizin işğaldan azad olunması xəbəri Azərbaycan xalqı ilə yanaşı, qardaş Türkiyə xalqını da sevindirib. Azərbaycana dəstək məqsədilə Türkiyənin ən məşhur bölgələri Azərbaycan bayrağına "bürünüb".

Türkiyənin müxtəlif bölgələrində yaşayan insanlar Azərbaycana dəstəklə bağlı fikirlərini Sputnik Azərbaycan-a danışıblar. 57 yaşlı Mehmet Mustafa Özdoğan Ankarada yaşayır. Deyir ki, hər an Azərbaycan Ordusunda vuruşmağa hazırdır: "Xüsusi təyinatlı polisəm. Qardaş ölkəmdə gedən döyüşlərdə könüllü olaraq savaşmaq istəyirəm. Azərbaycanın işğal altında olan torpaqları uğrunda yürütdüyü haqlı mübarizədə biz də yanındayıq. Ehtiyac olarsa, vuruşmağa hazıram".

Türkiyənin Nazilli bölgəsində yaşayan Sərvət Uğur deyir ki, "biz bütün varlığımızla Azərbaycan türklərinin yanındayıq: "Qardaş Azərbaycanın öz torpaqlarında erməni işğalına kor və kar qalan dünyaya türkün dastanını yazdırmaq üçün, varlığımı türk varlığına ərməğan etmək üçün dövlətimizdən əmr istəyirik. Rəbbim Qarabağ səmalarına Azərbaycan bayrağını sancan əsgərlərdən biri eləsin məni. "İki dövlət, bir millət" təkcə şüar deyil. Biz bütün varlığımızla Azərbaycan türklərinin yanındayıq. Nazillidə bələdiyyəmizin yaratdığı Qarabağ parkının açılışında Qənirə Paşayevanın dünyaya hayqırtısını hələ də unutmamışam. Bu gün də biz hayqırırıq - bu can Qarabağa fəda olsun!"

Daha bir Nazilli sakini Barış Irqat da hisslərini bizimlə bölüşüb: "Hər an qardaş Azərbaycanın yanındayıq. Ağlımız, fikrimiz sizin yanınızdadır. Əmr olunsa, gələcəyik. Türkiyənin digər bölgələrində olduğu kimi, bizdə də Azərbaycan bayraqları hər tərəfi bəzəyib. Qafqaz dağlarında açan çiçəklərlə İzmirin dağlarında açan çiçəklər birdir. Bütün dostlarımı evlərində, iş yerlərində şanlı türk bayrağını - Azərbaycan bayrağını asmağa dəvət eləmişəm.

Uğur Terin babası Kamal bəy əslən azərbaycanlıdır. Dediyinə görə, son günlər ordumuzun əldə etdiyi qələbələr babasını hədsiz sevindirib: "Mənim babam irəvanlıdır. 15 yaşında olanda məcburən öz torpaqlarından çıxardılıblar. Hazırda İzmirdə yaşayır. Bütün günü Azərbaycan televiziyasına baxır. Babam Yerevandan gələndə özü ilə buxara papaq gətirib. Başından çıxarmır. Deyir, azərbaycanlılar üçün çox dəyərlidir papaq. Babam ümidlə Qarabağın azad olunacağı günü gözləyir".

"Qarabağın azad olacağına əvvəllər inanmırdım. Amma bu hadisələrdən sonra inam gəlib. İyul ayında mən də könüllü gəlmək istədim. Amma düşünürəm ki, Azərbaycan Ordusunun heç kimə, heç nəyə ehtiyacı yoxdur".

Antalyada yaşayan həmyerlimiz Günel Mirzəyeva da yaşadığı şəhərdəki ab-havadan danışıb: "Olduqca böyük coşqu var. Dünən Antalyada "Səninləyik, Azərbaycan" adlı mitinq baş tutdu. Yaşından, cinsindən aslı olmayaraq hər kəs döyüşməyə hazırdır. Ehtiyac olsa, döyüşə gedərlər. Amma ordumuzun ehtiyacı yoxdur. Antalyanın dörd bir yanı Azərbaycan və Türkiyə bayraqlarına bürünüb".

"Tovuz hadisələrində Antalyada və digər şəhərlərdə mitinqlər təşkil olundu, əksəriyyətində mən də iştirak etdim. Havanın həddindən artıq isti olmasına rəğmən yürüşü dayandırmırdılar. Çox şükür ki, biz bu tarixi anlara şahidlik edirik".