Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 7 oktyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" Sərəncam imzalayıb. Mədəniyyət sahəsində fəaliyyət göstərən bir çox şəxslərin də övladları və yaxınları Silahlı Qüvvələrimizin əks-hücumunun davam etdiyi cəbhə xəttinə yollanıblar. Sputnik Azərbaycan xəbər verir ki, onlar bununla bağlı sosial media hesabından paylaşım ediblər. Müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalı Ağdam rayonunda xidmət edir. O bildirib ki, ehtiyatda olan əsgər kimi Ali Baş Komandanın əmrinə tabedir.
Əməkdar artist Aybəniz Haşımovanın bacısı oğlu da torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak edir. Bununla bağlı Aybəniz Haşımova "instagram" hesabında paylaşım edib. O, bacıları və orduya gedən Fazilin fotosunu paylaşaraq: "Allah heç bir gözü yolda olan ana, ata, bacı, gəlinin əllərini boş qoymasın. Sağ gedib, salamat qayıtsınlar igid oğullarımız. İnşallah, qələbə bizimlə olacaq, Fazil balam" sözlərini yazıb.
Müğənni Əflatun Qubadovun oğlu və qardaşı da torpaqlarımızı geri almaq uğrunda mübarizədə iştirak edir. Bununla bağlı müğənni sosial media hesabında paylaşım edib. O, oğlunun və qardaşının fotosunu paylaşaraq sağ-salamat geri dönmələrini arzu edib.
Qeyd edək ki, Əməkdar artist İlkin Əhmədov da bu yaxınlarda hərbi xidmətə yola düşüb.