CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb

Müraciətin sonunda nazirlik sözügedən beynəlxalq təşkilatları Ermənistanın beynəlxalq hüquqa zidd əməllərini pisləməyə və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün səy göstərməyə çağırıb
Sputnik

BAKI, 7 oktyabr — Sputnik. Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov tərəfindən UNESCO-nun Baş direktoru Odre Azuley, İSESCO-nun Baş direktoru Səlim bin Məhəmməd Əl-Malik və BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinosa müraciət ünvanlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə cari ilin 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində hərbi təxribat törətməsi və Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması diqqətə çatdırılır, yaşayış məntəqələrinə ağır artilleriya atəşləri nəticəsində dinc sakinlər arasında ölən və yaralananların olduğu, həmçinin mülki obyektlərə, yaşayış binalarına, müxtəlif tikililərə, o cümlədən maddi mədəni irs nümunələrinə ziyan dəydiyi bildirilir.

Müraciətdə BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələrinin qeyd-şərtsiz icra olunmasının vacibliyi qeyd olunaraq, Ermənistan tərəfdən mülki əhali və obyektləri, tarixi abidələri hədəfə almasının beynəlxalq humanitar hüququn, o cümlədən "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası və onun 1999-cu ildə imzalanmış İkinci Protokolunun, "Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyasının, hərbi münaqişələr zamanı mülki şəxslərin qorunması ilə bağlı 1949-cu il Cenevrə konvensiyaları və Əlavə Protokollarının, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasının və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının bu ölkənin təcavüzkar siyasətini davam etdirməsinin göstəricisi olduğu vurğulanır.

Müraciətin sonunda Anar Kərimov sözügedən beynəlxalq təşkilatları Ermənistanın beynəlxalq hüquqa zidd əməllərini pisləməyə və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün səy göstərməyə çağırıb.