RUSİYA

Bu gün Rusiya Prezidentinin ad günüdür

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 68 yaşı tamam olur. O, 16-cı dəfədir ki, doğum gününü Rusiya prezidenti vəzifəsində qeyd edir.
Sputnik

BAKI, 7 oktyabr - Sputnik. Bu gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 68 yaşı tamam olur.

Sputnik Azərbaycan-ın məlumatına görə, dövlət başçısının mətbuat katibi Dmitri Peskov prezidentin öz doğum gününü necə qeyd edəcəyi barədə danışıb.

O deyib ki, dövlət başçısı günün birinci yarısını ölkədaxili məsələlərə və xarici telefon danışıqlarına həsr edəcək. Günün qalan hissəsini isə ənənəsinə uyğun olaraq doğmaları və yaxın dostları ilə birlikdə keçirəcək.

Putin 16-cı dəfədir ki, doğum gününü Rusiya prezidenti vəzifəsində qeyd edir.

Dağları piyada gəzdi: Vladimir Putinin Sibir tayqasında istirahəti – FOTOLAR

Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ DTK-də xidmətə başlayıb. Bir müddət Almaniyada işləyib. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib.

1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızları var: Mariya (1985-ci ildə Leninqradda) və Каterina (1986-cı ildə Drezdendə anadan olublar.) 2013-cü ilin iyunun 6-da Lyudmila ilə boşandıqlarını açıq elan ediblər.

1997-ci ildə Sankt-Peterburq Dövlət Dağ İnstitutunda "Bazar münasibətlərinin formalaşması şəraitində regionun mineral-xammal bazasının yenidən bərpasının strateji planlaşdırılması" mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi adını alıb. Onun elmi rəhbəri mineral xammalın iqtisadiyyatı sahəsində tanınmış alim,iqtisad elmləri doktoru V.A.Fyodorov idi.

2000-2008-ci illərdə Rusiya Federasiyasının Prezidenti olub. 7 may 2012-ci ildən etibarən yenə də Prezidentdir.

O, Rusiya Federasiyası Hökumətinin sədri (1999-2000; 2008-2012-ci illərdə), Təhlükəsizlik Şurasının sədri (1999-cu ildə), Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru (1998-1999-ci illərdə) vəzifələrini daşıyıb. 

Ötən il Putin ad gününü Sibir tayqasında Müdafiə naziri Sergey Şoyqu ilə qeyd etmişdi.