BAKI, 6 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələri Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket atıb. Raket Yevlax rayonunda BTC boru kəmərindən 10 metr aralı düşüb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz Twitter hesabında qeyd edib.
“300+ kaset tipli bombaların qəlpələri ətrafa yaılıb. Boru kəmərinə ziyan dəyməyib. ANAMA hadisə yerində fəaliyyət göstərir. Çarəsiz Ermənistanın enerji infrastrukturuna hücum cəhdləri boşa çıxıb”, - deyə Prezidentin köməkçisi bildirib.
Xatırladaq ki, Azərbaycanın Baş Prokurorluğu bir qədər əvvəl xəbər verib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri 06.10.2020-ci il tarixdə saat 21 radələrində regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Ordumuzun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb.