QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan Azərbaycana qarşı qadağan olunmuş silahdan istifadə edib

ANAMA: Ermənilərin Goranboy rayonu ərazisinə atdığı bombacıqlar qadağan olunmuş sursatlar sinfinə daxildir.
Sputnik

BAKI, 6 oktyabr - Sputnik. Ermənilərin Goranboya atdığı bombacıqlar qadağan olunmuş sursatlar sinfinə daxildir.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Agentlik qeyd edib ki, 2020-ci il 04-05 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonu ərazisində dinc sakinlərə qarşı Beynəlxalq konvensiyalarla qadağan olunmuş 4 ədəd kaset sursatı atılıb və ətrafa mərmi qalıqları səpələnib. Nəticədə Goranboy rayonu Qızılhacılı kənd sakini həlak olub.

Agentliyin mütəxəssisləri tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 144 ədəd partlamış 9N235 bombacıqları, həmçinin 300 ədəd partlamamış M85 bombacıqları aşkar edilib: "Nəzərə çatdırmaq istərdik ki, qeyd olunan bombacıqlar "Kaset Sursatlar haqqında konvensiyaya" (CCM) uyğun olaraq 2008-ci ildə qadağan olunmuş sursatlar sinfinə daxil edilib".

Müdafiə Nazirliyinin məlumatına görə, son saatlarda Ermənistan silahlı qüvvələri Yevlax, Goranboy və Beyləqan rayonlarının ərazilərini atəşə tutub.