QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistanın atdığı mərmi Fövqəladə Hallar Nazirliyinin əməkdaşını yaraladı

Ermənistan silahlı qüvvələrinin Ağdam rayonuna atdığı mərmi məktəb binasında dağıntılar törədib, növbədə olan yanğınsöndürmə avtomobilinə ziyan dəyib.
Sputnik

BAKI, 6 oktyabr — Sputnik. Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin Ağdam rayonuna atdığı mərmi məktəb binasında dağıntılar törədib, növbədə olan yanğınsöndürmə avtomobilinə ziyan dəyib. Avtomobilin sürücüsü Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət çavuşu Qismət Əli oğlu Yusibov partlayış dalğasının təsirindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Xəsarət alan əməkdaşın vəziyyəti hazırda qənaətbəxşdir.

Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin "112" qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.