SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Erməni hərbi komandanlığı sanki daha çox vətəndaşının tələf olmasını istəyir"

Anar Eyvazov: "Cəbhə boyu sıxışdırılan düşmən bir neçə gündür ki, şəhərlərimizi Cermuk, Qafan və Berd rayonu ərazisindən raket atəşinə tutur. Bunlar Azərbaycan Ordusunu cavab addımları atmağa məcbur edir. Ermənistan rəhbərliyi əhalini yanlış yöndə istiqamətləndirir"
Sputnik

BAKI, 6 oktyabr - Sputnik. Azərbaycan Ordusunun əks hücum əməliyyatı nəticəsində düşmənin zirehli texnikaları, əlavə təminat vasitələri məhv edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

O, deyib ki, Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində üstünlüyü əlində saxlayır: "Ordumuzun qan təminatı sahəsində hər hansı problem yoxdur. Sosial şəbəkələrdə bununla bağlı yayılan qərəzli məlumatlar yersizdir. Əhali Müdafiə Nazirliyinin "Qaynar xətti"ni bununla bağlı məşğul etməsinlər".

MN: Ermənistan "İsgəndər"dən istifadə etsə, Azərbaycan ona sarsıdıcı zərbə vuracaq

Mətbuat katibi Müdafiə naziri Zakir Həsənovun bu gün xidməti müşavirədə ordumuza müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırıb:

"Müdafiə naziri düşmən tərəfindən "İsgəndər" əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcəyini bildirib. Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib. Cəbhə boyu sıxışdırılan düşmən bir neçə gündür ki, şəhərlərimizi Cermuk, Qafan və Berd rayonu ərazisindən raket atəşinə tutur. Bunlar Azərbaycan Ordusunu cavab addımları atmağa məcbur edir. Ermənistan rəhbərliyi əhalini yanlış yöndə istiqamətləndirir. Düşmən komandanlığı məğlubiyyətin qaçılmaz olduğunu dərk etsə də, sanki daha çox vətəndaşının tələf olmasını istəyir".

Mətbuat katibi qeyd edib ki, Azərbaycan humanitar dəhlizlərin açılması ilə bağlı erməni əhalisinə müraciət edib: "Müraciət könüllü təslim olmaq istəyən düşmənin hərbi qulluqçularına da şamil edilib. Azərbaycan Ordusu döyüş aparılan ərazilərdə beynəlxalq hüquq normalarına uyğun fəaliyyət göstərir. Hərbi qulluqçularımız münaqişədə iştirak etməyən şəxslərə yardım göstərmək qaydalarına əməl edir. Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu yalnız Ermənistan Ordusuna məxsus legitim hərbi obyektləri hədəf alır. Azərbaycan Ordusu beynəlxalq hüquq normalarına dair memorandumun prinsiplərinə tam əməl edir".