CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil nazirindən təbrik: "El bilir ki, sən müəllimsən!"

"Siz sadəcə övladlarımızı öyrətmirsiniz, həm də Vətən üçün layiqli vətəndaş, əsgər yetişdirirsiniz".
Sputnik

BAKI, 5 oktyabr — Sputnik. Təhsil naziri Emin Əmrullayev müəllimləri təbrik edib. Nazir Facebook sosial şəbəkəsindəki hesabında bununla bağlı paylaşım edib:

Əziz müəllimlərimiz, Sizi 5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik edirəm! Təkcə bu gün deyil, şagirdinizin, tələbənizin uğuruna sevindiyiniz hər gün sizin gününüz, bayramınızdır. Bu gün Vətən uğrunda döyüşən əsgərlərimizin vətənpərvər yetişməsində, onlara milli ruhun aşılanmasında sizin əməyiniz danılmazdır. Siz sadəcə övladlarımızı öyrətmirsiniz, həm də Vətən üçün layiqli vətəndaş, əsgər yetişdirirsiniz. Bu missiyanı şərəflə yerinə yetirdiyinizə görə Sizə təşəkkür edirəm!

Pandemiya şəraitində sizin zəhmətiniz xüsusilə qeyd edilməlidir. Bu çətin günlərdə fədakar əməyinizə, göstərdiyiniz dəstəyə görə çox sağ olun!

Əziz müəllimlər,

Bu vacib və məsuliyyətli işinizdə Sizə uğurlar arzulayıram!

El bilir ki, sən müəllimsən!