QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistanın Azərbaycanda mülki əhaliyə və şəhərlərə hücumu Almaniya mətbuatında

Məqalədə Ermənistanın hazırkı hakimiyyətinin əsas hədəfinin Azərbaycanda yaşayan mülki əhali olması, həyata keçirdiyi hücumlar zamanı xüsusilə təmas xəttindən kənarda yerləşən mülki əhalini hədəf alması bildirilib
Sputnik

BAKI, 5 oktyabr — Sputnik. Milli Məclisin Sədr müavini Adil Əliyevin Ermənistanın Azərbaycanda mülki əhaliyə və şəhərlərə hücum etməsi barədə məqaləsi Almaniya mətbuatında işıqlandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Almaniyada işıq üzü görən məqalədə Adil Əliyev Ermənistanın son 30 ildir ki, Azərbaycanın əbədi və əzəli torpaqlarını işğal altında saxlaması, bu işğalın nəticəsində minlərlə insanı qətl etməsi və bir milyondan yuxarı şəxsin öz doğma yurd-yuvalarını məcburi şəkildə tərk etməsi əks olunub.

Məqalədə Ermənistanın hazırkı hakimiyyətinin əsas hədəfinin Azərbaycanda yaşayan mülki əhali olması, həyata keçirdiyi hücumlar zamanı xüsusilə təmas xəttindən kənarda yerləşən mülki əhalini hədəf almaqla evlərə, xəstəxanalara, habelə digər mülki obyektlərə zərər yetirməsi bildirilib.

Yazıda Ermənistan tərəfinin bu ilin iyul ayından başlayan müntəzəm təxribatı zamanı 76 yaşlı mülki şəxsin, habelə bu ilin 27 sentyabr tarixindən başlayan növbəti təxribat zamanı isə bir ailənin ümumilikdə şəhid olmasını, şəhid olanların arasında 7-ci və 9-cu sinifdə təhsil alan iki məktəblinin olması qeyd edilib.

Ermənistan hakimiyyətinin təcavüzkar siyasətini alman mediasına çatdıran Adil Əliyevin məqaləsində dəfələrlə Azərbaycan tərəfinin Ermənistanın təcavüzkar siyasətini dayandırmasını və işğal altında olan torpaqlardan çəkilməsini tələb etməsinə baxmayaraq, düşmən tərəfin öz təcavüzkar siyasətindən çəkinmədiyi vurğulanıb.

Vitse-spikerin yazısında bildirilib ki, bütün bunların əksinə olaraq Ermənistan tərəfi daha kütləvi şəkildə silahlanmağa başlayıb, başqa ölkələrdən insanları Dağlıq Qarabağa köçürdüb və mütəmadi olaraq təxribata əl atıb. Ermənistan tərəfinin həyata keçirdiyi siyasətin Cenevrə Konvensiyasının tələblərinə zidd olması, BMT-nin Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən, ölkəmizə məxsus ərazilərin qeyd-şərtsiz azad edilməsi tövsiyələrinə baxmayaraq həmin qətnamələrin bu vaxta qədər icra edilməməsi, Ermənistan tərəfinin beynəlxalq hüququn bütün prinsiplərini kobud şəkildə pozması ictimaiyyətin diqqətinə çatdırılıb.