QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

O qürurlu an: əsgərimiz Azərbaycan bayrağını azad edilmiş Suqovuşana sancır - VİDEO

Qoşunlarımızın şəxsi heyətinin şücaəti nəticəsində Tərtər rayonunun Suqovuşan və Talış yaşayış məntəqələri, Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı, Cəbrayil rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad olunub
Sputnik

BAKI, 4 oktyabr - Sputnik. Prezident İlham Əliyev oktyabrın 3-də ümumilikdə səkkiz kəndimizin azad olunmasının müjdəsini verdi.

Sputnik Azərbaycan bildirir ki, öncə dövlətimizin başçısı Tərtərin Suqovuşan (Madagiz) kəndində bayrağımızın sancıldığı xəbərini verdi. Ardınca isə Azərbaycan Ordusunun Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etdiyini bildirdi.

Həmçinin Prezident Madagizə özünü tarixi adı - Suqovuşanı qaytardı.

Bayrağımızın Suqovuşanda (Madagizdə) dalğalandığı anların göprüntülərini təqdim edirik.

Ali Baş Komandan: Suqovuşana Azərbaycan bayrağı sancıldı

Müdafiə Nazirliyinin məlumatına görə, cəbhənin müxtəlif istiqamətlərində yaşayış məntəqələrimiz düşmənin intensiv artilleriya və raket atəşinə məruz qalıb. Azərbaycan Ordusunun bölmələrinin qətiyyətli cavab tədbirləri nəticəsində yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətlərdə atəş mövqeləri susdurulub, düşmənə sarsıdıcı zərbə endirilib.
Gün ərzində gedən şiddətli döyüşlər zamanı qoşunlarımızın şəxsi heyətinin şücaəti nəticəsində Tərtər rayonunun Suqovuşan və Talış yaşayış məntəqələri, Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı, Cəbrayil rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad olunub.
Madagiz-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.
Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.