QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağcabədidə faciə: On dörd yaşlı uşaq dağıntılar altında həlak oldu

Yeməkxanaya top mərmilərinin düşməsi nəticəsində orada olan Taynaq kənd sakini 2006-cı il təvəllüdlü İsgəndərov Fərid Dilafət oğlu dağıntılar altında qalaraq həlak olub.
Sputnik

BAKI, 4 oktyabr - Sputnik. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələrinin Ağcabədi rayonunun müxtəlif istiqamətlərində dinc əhalinin evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində oktyabrın 4-də saat 15 radələrində yeməkxanaya top mərmilərinin düşməsi nəticəsində orada olan Taynaq kənd sakini 2006-cı il təvəllüdlü İsgəndərov Fərid Dilafət oğlu dağıntılar altında qalaraq həlak olub, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni aparma), 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.