QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İranda yaşayan azərbaycanlı kinematoqrafçılardan dəstək gəldi

İran İslam Respublikasının Azərbaycanlı kinematoqrafçıları "Qarabağın işğalına son!" başlığı altında bəyanatla çıxış ediblər
Sputnik

BAKI, 3 oktyabr — Sputnik. Qarabağ uğrunda gedən döyüşlərə dünya ölkələrində yaşayan həmyerlilərimiz dəstək aksiyasına başlayıblar, hər tərəfdən həmrəyliyi hiss edən xalqımız getdikcə daha çox həyəcanla mübarizə meydanına atılmağa hazırlaşır. Sputnik Azərbaycan xəbər verir ki, İran İslam Respublikasının azərbaycanlı kinematoqrafçıları "Qarabağın işğalına son!" başlığı altında bəyanatla çıxış ediblər.

Gürcü dostlarımızdan musiqili hədiyyə: "Sevgili Azərbaycan..." - VİDEO

Bəyanatda Azərbaycanımızın müstəqillikdən sonra, 90-cı ilin əvvəllərində qonşu Ermənistanın təcavüzü və işğalçılığına məruz qalmasından, Dağlıq Qarabağ bölgəsindən əlavə 7 rayonunun işğal edilməsindən, minlərlə müsəlman bacı-qardaşlarımızın toqquşmalarda, Xocalı soyqırımında şəhid olması, bir milyondan çox azərbaycanlının isə öz doğma yurdundan didərgin düşməsindən bəhs edilir.

Daha sonra hadisələrdən ötən bu illər ərzində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən Ermənistanı Azərbaycan torpaqlarının işğalına son qoymağa və tanınmış beynəlxalq sərhədlərə qayıtmağa çağıran 4 qətnamənin qəbul olunmasına rəğmən Ermənistan və onun silahlı qruplarının qərb ölkələrinin himayəsinə arxalanaraq bu qətnamələrə məhəl qoymamasına diqqəti çəkərək qeyd edirlər:

"Biz, İranın azərbaycanlı kinematoqrafçıları, İranın digər ədalətsevər və haqsevər xalq kütlələri və bütün vicdanlı insanlar, xüsusilə Azərbaycan vilayətlərinin bəzi millət vəkilləri, ədliyyə vəkilləri və digərləri ilə birlikdə Azərbaycanın qəhrəman Ordusunun işğal olunmuş əraziləri geri qaytarmaq əzmini dəstəklədiyimizi bildirir, Qarabağın azad edilməsindən sonra davamlı və ədalətli sülhün uğrunda danışıqların aparılmasını istəyirik".

Qeyd edək ki, ümumilikdə İranın 100 nəfər azərbaycanlı kinematoqrafçısı bəyanata qoşulub: Rza Naci, Nasir Şəfəq, Rəhim Bişarət, Rəhbər Qənbəri, Rza Siyami, Nağı Neməti, Əzim Məhəmmədi, Əli Əbdali, Məhəmməd Müslimi, Soniya Fəthi, Əfşin Əlizadə, Yusif Yəzdani, Rəsul İranzad, Behruz Aləmi, Məhəmməd Əlimuradi, Əli Həsənzadə, Solmaz Əlizadə, Məryəm Əsgəri, Leyla Əhədi, Salman Abbasi və başqaları.