Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 3 oktyabr — Sputnik. "Ölkənin cəbhəyanı bölgələrində suyun verilməsində heç bir problem yoxdur. Bütün qurğularımız, su artizan quyularımız tam qaydasındadır".
Sputnik Azərbaycan-a bu barədə "Azərsu" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. Onun sözlərinə görə, cəbhəyanı bölgələrdə növbətçilik sistemi təmin edilib və su kanal idarələri, rayon su kanal sahələri 24 saat tam nəzarətdədir: "Bu günə qədər sözügedən ərazilərdə heç bir problem qeydə alınmayıb. Mərkəzi aparatda isə Operativ Qərargah yaratmışıq. Hər gün "Azərsu" ASC-nin sədr müavinlərindən biri Operativ Qərargaha rəhbərlik edir".
A.Cəbrayıllı bildirib ki, Horadiz şəhərində erməni tərəfin atdığı mərmi su anbarının yaxınlığına düşsə də suyun verilişində heç bir problem yaranmayıb.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələri cəbhəyanı bölgələrdə mülki əhalini, yaşayış məskənlərini atəşə tutur. Ermənilərin atəşi nəticəsində indiyədək Azərbaycanın 19 mülki şəxsi qətlə yetirilib, 55 nəfər yaralanıb və 200-dən çox ev və mülki obyektlər dağıdılıb.