QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hikmət Hacıyev: "Azərbaycan sülhəməcburetmə əməliyyatını davam etdirir"

Azərbaycan Respublikası çox yüksək etik və əxlaqi dəyərlər nümayiş etdirərək beynəlxalq hüquq əsasında ancaq seçilmiş hərbi hədəflərə qarşı əməliyyatları həyata keçirir
Sputnik

BAKI, 3 oktyabr — Sputnik. Ermənilər Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmaqda davam edir.

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu, Ermənistanın hər hansı bir dəyərdən, sivil davranışdan xəbərsiz olduğunu nümayiş etdirir:

"Biz bununla bağlı ictimaiyyətə və beynəlxalq təşkilatlara müraciət etdik ki, müharibə şəraitində mülki insanların və mülki obyektlərin qorunması beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyasının tələbidir. Amma Ermənistan bundan kənar dövlət olduğunu hər addımda nümayiş etdirir. Azərbaycanın şəhərlərinə, mülki obyektlərə və şəxslərə hücumlar təşkil edir. Azərbaycan Respublikası çox yüksək etik və əxlaqi dəyərlər nümayiş etdirərək beynəlxalq hüquq əsasında ancaq seçilmiş hərbi hədəflərə qarşı əməliyyatları həyata keçirir. Onların neytrallaşması təmin olunur. Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttinin bütün istiqamətləri üzrə effektiv, təsirli və sülhəməcburetmə əməliyyatını davam etdirir. Burada da məqsəd Azərbaycan ərazilərin işğaldan azad edilməsinin təmin olunmasıdır".

Hikmət Hacıyev qeyd edib ki, Ermənistan raket texnologiyasından istifadə edir: "Biz bunu qəti şəkildə pisləyirik və Azərbaycan Respublikasında legitim hərbi hədəflərə adekvat cavab vermək hüququnu tam şəkildə özündə saxlayır".

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb. Oktyabrın 2-də isə Azərbaycan ordusu Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və hazırda bu məntəqəni nəzarətdə saxlayır.