QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müdafiə Nazirliyi: "Səs yazısının döyüş əməliyyatlarına heç bir aidiyyəti yoxdur"

Erməni tərəfi Azərbaycan və Türkiyə hərbçilərinin döyüş əməliyyatları zamanı radiostansiya vasitəsilə danışıqlarının səs yazısını əldə etdiyini iddia etsə də, Vaqif Dərgahlı bunların növbəti dezinformasiya olduğunu söyləyib
Sputnik

BAKI, 3 oktyabr - Sputnik. Ermənistan mediasında yayılan və guya Azərbaycan ilə Türkiyə hərbçilərinin döyüş əməliyyatları zamanı radiostansiya vasitəsilə danışıqlarının səs yazısı bu ölkənin xüsusi xidmət orqanlarının saxta məhsuludur.

Sputnik Azərbaycan bildirir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. 

Onun sözlərinə görə, səs yazısının döyüş əməliyyatlarına heç bir aidiyyəti yoxdur.

Qeyd edək ki, bu gün Vaqif Dərgahlı Ermənistan tərəfinin daha bir yalanını ifşa edib.

Ermənistan tərəfi bu gün yenidən guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin və pilotsuz uçuş aparatlarının vurulması ilə bağlı dezinformasiya yayıb. Polkovnik Vaqif Dərgahlı bu xəbərləri təkzib edərək deyib:“Bir daha bildiririk ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb. Əksinə, Azərbaycanın zərbə PUA-ları Ermənistan silahlı qüvvələrinin döyüş texnikalarını məhv etməkdə davam edir. PUA-larımızın döyüş fəaliyyəti ilə bağlı videogörüntülər mütəmadi ictimaiyyətə təqdim olunur.
Ermənistan müdafiə nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla onların döyüşlərlə bağlı informasiya boşluğunu doldurmağa çalışırlar".

Vaqif Dərgahlı: "Zərbə PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir" - VİDEO

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb. Oktyabrın 2-də isə Azərbaycan ordusu Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəklikləri, bu gün isə Madagizin özünü azad edib və bayrağımızı oraya sancıb.