QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan HHQ-yə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb - Vaqif Dərgahlı

Ermənistan müdafiə nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla onların döyüşlərlə bağlı informasiya boşluğunu doldurmağa çalışırlar - MN rəsmisi
Sputnik

BAKI, 3 oktyabr — Sputnik. Ermənistan tərəfi bu gün yenidən guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin və pilotsuz uçuş aparatlarının vurulması ilə bağlı dezinformasiya yayıb.

Sputnik Azərbaycan bildirir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bu xəbərləri təkzib edərək deyib:

“Bir daha bildiririk ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb. Əksinə, Azərbaycanın zərbə PUA-ları Ermənistan silahlı qüvvələrinin döyüş texnikalarını məhv etməkdə davam edir. PUA-larımızın döyüş fəaliyyəti ilə bağlı videogörüntülər mütəmadi ictimaiyyətə təqdim olunur.

Ermənistan müdafiə nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla onların döyüşlərlə bağlı informasiya boşluğunu doldurmağa çalışırlar".

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Hikmət Hacıyev: "Guya Yerevan səmalarında dronlar uçurdu, o da fotoşop idi"

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb. Oktyabrın 2-də isə Azərbaycan ordusu Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və hazırda bu məntəqəni nəzarətdə saxlayır.