QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Deputat: "Mən də komandir qismində döyüşdə iştirak etməyə hazıram"

"Yaxın qohumlarımdan döyüşlərdə iştirak edənlər var. Qardaşım oğlu bu gün səfərbəyliyə cəlb edilib. Qohum oldu-olmadı cəbhədə olan hər bir şəxs bizim üçün əzizdir, ürəyimizin bir hissəsidir. Əsgərlərimizə sağlamlıq, uğurlar və ən əsası qələbə arzulayırıq".
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 oktyabr — Sputnik. "Cəbhədə baş verən hadisələri çox həyəcanla izləyirik. Azərbaycan Respublikası Silahlı Qüvvələri böyük Vətən müharibəsi aparır, ölkəmizin işğal olunmuş ərazilərini təmizləyir".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

"Təəssüflər olsun ki, bu arada Fransa Prezidenti Emmanuel Makron çox sərsəm, iftira dolu bəyanat verib. Biz bunu qəbul etmirik. Bu, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi vasitəçilik funksiyasına ziddir. Tələb edirik ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çıxarılsın. Çünki, Fransanın bu bəyanatı qəbul edilməzdir və bu ölkə öz vasitəçilik funksiyasını tükəndirib. Makron bilməlidir ki, yüz minlərlə azərbaycanlı öz evlərinə qayıtmaq istəyir. Bundan sonra onun hansısa bəyanatını qəbul etmirik. Biz də istəyirik ki, onun kimi normal evdə yaşayaq, normal evimiz olsun. Makronun bəyanatı çox sərt bəyanatdır", - deyə deputat bildirib.

Gəncəliyev deyib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri kimi onlarla, yüzlərlə qohumları, tanışları, qrup yoldaşları, keçmiş iş yoldaşları döyüşdə iştirak edirlər və onlar arasında şəhid olanlar var. Onlar torpaqlarımızı azad etmək uğrunda döyüşürlər. Şəhidlərimizin qanı yerdə qalmayacaq, torpaqlarımızı azad edəcəyik.

Deputat: "Mən də komandir qismində döyüşdə iştirak etməyə hazıram"

Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Sputnik Azərbaycan-a deyib ki, döyüş əməliyyatları Azərbaycan tərəfindən Ermənistan hərbi təxribatlarının və dinc əhaliyə qarşı törətdiyi vaxtaşırı zorakılıqların qarşısını almaq üçün başladı:

"Azərbaycanın döyüş uğurları göz qarşısındadır. Heç bir şübhə yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək və bununla da öz suverenliyini bərpa edəcək".

Deputat, ATƏT-in Minsk Qrupunun 30 il ərzində səmərəli fəaliyyət göstərə bilmədiyinə təəssüfünü ifadə edib: "Diplomatik bəyanatlardan və söhbətlərdən başqa hər hansı bir nəticə görmədik. Bu günlərdə Fransa prezidentinin ATƏT-in Minsk Qrupunun həmsədrlərindən bir kimi statusuna uyğun olmayan bəyanatı bizdə çox böyük məyusluq yaratdı. Biz çox istərdik ki, bundan sonra ATƏT bu cür münaqişələrin həllində daha prinsipial və beynəlxalq hüquqa uyğun mövqe tuta bilsin".

Deputat: "Mən də komandir qismində döyüşdə iştirak etməyə hazıram"

Ailədən, qohumlardan müharibədə iştirak edənlər varmı sualına deputat belə cavab verib: "Yaxın qohumlarımdan döyüşlərdə iştirak edənlər var. Qardaşım oğlu bu gün səfərbəyliyə cəlb edilib. Qohum oldu-olmadı cəbhədə olan hər bir şəxs bizim üçün əzizdir, ürəyimizin bir hissəsidir. Əsgərlərimizə sağlamlıq, uğurlar və ən əsası qələbə arzulayırıq".

Milli Məclisin deputatı Arzu Nağıyev də Sputnik Azərbaycan-a deyib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti bir mənalı şəkildə bizi razı sala bilməz: "25 ildən çoxdur ki, onlar ancaq deklorativ bəyanatlar verməklə yadda qalıblar. Necə ola bilər ki, Fransa Prezidenti Emmanuel Makron birmənalı şəkildə Ermənistanın təcavüzünü, işğalçılıq siyasətini dəstəkləyir. Bu, heç bir çərçivəyə sığmır. Çox təəssüf ki, Makron belə çıxışlar edir. Bu addım əvvəl-axır Fransanı ATƏT-in Minsk Qrupunun həmsədrliyindən, ümumiyyətlə bu təşkilatdan çıxmasına gətirib çıxarda bilər".

Deputat: "Mən də komandir qismində döyüşdə iştirak etməyə hazıram"
"Mənim köməkçim hazırda döyüşdə iştirak edir, 10 gün bundan qabaq müharibəyə gedib. Özüm Tovuz rayonundanam. Qohum-əqrabam Tovuzda yaşayır və həmin sərhəd zonasında da yaxın qohumlarım müharibədə iştirak edirlər. Mən özüm ehtiyatda olan zabitəm. Lazım olsa, mən də komandir qismində döyüşdə iştirak etməyə hazıram", - deyə deputat diqqətə çatdırıb.

Qeyd edək ki, ötən gün Fransa Prezidenti Emmanuel Makron Latviyaya səfəri zamanı belə bir ifadə işlədib ki, Türkiyənin ritorikası Azərbaycanı Dağlıq Qarabağı yenidən "işğal etməyə" cəsarətləndirir.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır. Fransa vasitəçilik missiyasının prinsiplərini pozaraq, davamlı olaraq Ermənistana dəstəyini ifadə edir və tərəfkeşlik etməkdən çəkinmir.