BAKI, 2 oktyabr — Sputnik. Səhər tezdən erməni silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini bir neçə istiqamətdən artilleriya atəşinə tutub. Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri, eləcə də Tərtər bölgəsinin bir neçə yaşayış məntəqəsi güclü atəşə məruz qalıb. Tərtər şəhərinin Şiraxarx qəsəbəsinin atəşə tutulması nəticəsində isə orada məskunlaşmış məcburi köçkünlər arasında yaralanalar var. Mərmilərdən bir neçəsi kənddəki uşaq bağçasına dəyib.
Sputnik Azərbaycan-ın müxbirləri ərazidə olub, dinc sakinlərə dəyən dağıntı və tələfatı lentə alıblar.
Ermənistanın Azərbaycandakı mülki şəxslərə qarşı taktiki silah istifadə etməsi barədə də məlumat verilir. Ermənistan ərazisindəki "Tochka-U" raket sistemindən atılan təxminən on raket Şəmkirin Sabirkənd kəndinə dəyib, hazırda zərərçəkənlərin sayı dəqiqləşdirilir.
1 oktyabr 2020-ci il tarixinə olan məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin atəş açması nəticəsində Azərbaycanın 19 mülki vətəndaşı öldürülüb, 55 nəfər yaralanıb.