QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Övladımı vətənə qurban demişəm - Masallı gənc sakinlərini döyüşə yolladı

Masallıda Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılan gənclərin yola salınma mərasimi keçirildi. 
Sputnik

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 2 oktyabr — Sputnik. Masallıda gəncləri təntənəli şəkildə milli ordu siralarına yola salıblar.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin həyətində baş tutan mərasimdə, gənclərin həqiqi hərbi xidmətə yola salınması izdihamla qeyd edilib. Son günlər ordumuzun cəbhədə əldə etdiyi uğurlar hərbi xidmətə gedən gənclərdə böyük ruh yüksəkliyi yaradıb. Çağırışçı Murad Nağıyev ordumuzun tarix yazdığını deyib:

"Mən fəxr edirəm ki, Şanlı Azərbaycan Ordusunda qulluq etməyə gedirəm. İnşallah, torpaqlarımızı azad edəcəyik. Qarabağ Azərbaycanındır! Yaşasın Azərbaycan əsgəri!"

Masallı sakini Şəmsəddin Nəsirov da öz növbəsində oğlunu böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola saldığını bildirib:

"Bütün Azərbaycan xalqını salamlayıram. Burada Hərbi Xidmətə gedənlərin hamısı mənim övladımdır. Ali Baş Komandana inanıram, qələbə bizimlə olacaq!"

Balaxanım Həsənova müzəffər ordumuzun torpaqlarımızın işğaldan azad olunmasında, yeni çağrılan əsgərlərimizin də şücaət göstərəcəklərinə əminliyini ifadə edib:

"Mən bir ana kimi oğlumu hərbi xidmətə yola salıram. Bütün analar kimi, mən də bununla qürur duyuram. O gün olsun, qələbə ilə qayıtsınlar. Allah hərbçilərimizi qorusun! Qarabağ bizimdir! İnşallah, sevinəcəyik."

Oğlunu orduya yola salan valideynlərdən biri isə, "bu mənim övladımdır, onu da vətənə qurban demişəm" deyə bildirib.   

Mərasimin sonunda Masallı çağırışçıları Azərbaycan Respublikasının Dövlət Bayrağını öpərək onun altından keçib ordu sıralarına yola düşüblər.