QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Madagiz ətrafındakı hakim yüksəkliklər azad edilib

Ağdərə istiqamətində qoşunlarımız düşmənin Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır.
Sputnik

BAKI, 2 oktyabr - Sputnik. Oktyabrın 2-də gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Ağdərə istiqamətində qoşunlarımız düşmənin Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır.

Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub.

MN: Azərbaycanın döyüş təyyarəsi və helikopterləri bugünkü döyüşlərdə tətbiq olunmayıb

Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Saat 00:00-dan 07:00-dək düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib.

Əldə edilən digər məlumata əsasən, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən erməni könüllüləri döyüşlərin gərginliyi və itkilərinin çox olmasından qorxaraq müxtəlif bəhanələrlə döyüşdən imtina edirlər.

Döyüşlərdə əldə etdiyimiz uğurlar və müxtəlif istiqamətlərdə hakim mövqelərin azad olunması Azərbaycan Ordusunun şəxsi heyəti arasında yüksək döyüş ruhu və qələbə əzmini daha da artırır.

İctimaiyyətə əlavə məlumat veriləcək və videolar təqdim olunacaq.