QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Fransa prezidentinin Qarabağla bağlı bəyanatı məni şok etdi" - ABŞ-ın sabiq səfiri

Metyu Brayza: "Fransa prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bir ildən çoxdur ki, çox mənfur siyasi mübarizəsini davam etdirir"
Sputnik

BAKI, 2 oktyabr — Sputnik. Həmsədr olan ölkənin lideri Makronun bəyanatı şokedici idi, o, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bilməlidir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Birləşmiş Ştatların Azərbaycandakı sabiq səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri, hazırda Atlantik Şurasının eksperti Metyu Brayza "APA" agentliyinə müsahibəsində bildirib.

Metyu Brayza qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin rəhbəri kimi Emmanuel Makron leqal vəziyyəti bilməlidir:

"Leqal olan isə odur ki, bura Azərbaycanın ərazisidir. İkincisi də ona görə ki, o, canişin kimi, imperiya dərəbəyi kimi danışdı. Sanki Azərbaycan öz qərarlarını verə bilmir. Sanki Azərbaycan əks-hücum üçün suveren qərar qəbul edə bilmir və mütləq Türkiyə tərəfindən cəsarətləndirilməli və ya dəstəklənməlidir. Bu, həqiqətən də təkəbbürlülükdür. Mən düşünmürəm ki, bu doğrudur. Amma mən əminəm ki, Azərbaycanda hamı Türkiyənin dəstəyinə görə sevinir, lakin bilirsiniz ki, Azərbaycan öz qərarlarını özü verə bilir".

ABŞ-ın Azərbaycandakı sabiq səfiri qeyd edib ki, Fransa prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bir ildən çoxdur ki, çox mənfur siyasi mübarizəsini davam etdirir: "Yəqin xatırlayırsınız, Prezident Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında ötən ilin avqustunda müzakirələr olmuşdu, Tramp Suriyanın şimalında Türkiyə hərbçilərinin hərəkətinə etiraz etməmişdi. Bu zaman isə Makron bildirdi ki, Türkiyə NATO müttəfiqi kimi davranmır. Makron Ərdoğana bütün Suriya və Liviya savaşları boyunca hücumlar etməkdədir. Bildiyimiz kimi, Liviyada Fransa açıq şəkildə Haftarı dəstəkləyir, Türkiyə isə BMT-nin tanıdığı leqal hökumətin yanındadır."

Brayza daha sonra deyib:

"Makronun bəyanatlarına görə məndə təəssüf hissi yaradan digər məqam isə budur ki, Türkiyə yeganə qərb ölkəsi, yeganə ölkədir ki, öz əsgərlərini İdlibdə döyüş meydanına göndərdi, Rusiya və Suriya rejimini dayandırmaq üçün mübarizə apardı. Beləcə, yəqin ki, yüz minlərlə mülki şəxsin həyatını xilas etdi. Bu zaman dronlar və s. da daxil olmaqla çox inteqrasiya olunmuş hərbi taktikalardan istifadə edirdi. Bunun üçün NATO sevinməlidir. Makron bu insanların həyatını xilas etdiyinə görə əslində Türkiyəyə təşəkkür etməlidir. Əvəzində isə siyasi səbəblərə görə Türkiyəyə hücum edir, hazırda isə bu hücumlar Azərbaycana yönəlik şəkildə davam edir".

Qeyd edək ki, Metyu Brayza 2010-2012-ci illərdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olub.